16 may 2018-ci il tarixdə Xırdalan şəhərinin Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının və nəzarət-təftiş komissiyasının hesabatları, 2017-ci il üçün büdcəsi və təşkilati məsələlər müzakirə edilib.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, hesabat dövründə ölkəmizdə mühüm inkişaf prosesləri, əhalinin gündən-günə maddi rifahının yüksəlməsi müşahidə olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində respublikamız qüdrətlənir, beynəlxalq aləmdə nüfuzu daha da artır. Azərbaycanda sosial-iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir. Bu dövrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bələdiyyələr də daim inkişafda olub. Bələdiyyələrin Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisində rolunun artmasına nail olunub, onlar yerlərdə konkret işlərin görülməsinə çalışıblar. Ötən dövrdə yerli özünüidarəetmə institutunun formalaşması üçün ardıcıl tədbirlər görülüb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən lazımi şərait yaradılıb.
Ötən il qəsəbə bələdiyyələrində “Azərbaycanda Yerli Demokratik Həftəsi” çərçivəsində 665 görüş keçirilib. Görüşlərdə 72684 nəfər iştirak edib, bələdiyyələrdə 7363 nəfərin fərdi qəbulları aparılıb.
Qəsəbə bələdiyyələri üzrə illik büdcə daxilolmalarının 6 842 412 manatı və ya 88,7 faizi yerli vergi və ödənişlərdən daxil olmalar, 630 212 manatı və ya 8,2 fazini dövlət tərəfindən ayrılan dotasiya, 243 423 manatı və ya 3,1 faizi isə 2016-cı ildən növbəti ilə keçən qalıq vəsaiti hesabına formalaşıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov dövlətin bələdiyyələrə dəstəyindən, ötən dövr ərzində yerli özünüidarəetmənin inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmiz qüdrətli dövlətə çevrilib, sürətli sosial-iqtisadi inkişaf yolu keçib, genişmiqyaslı infrastruktur layihələrinin icrası istiqamətində tarixi nailiyyətlər əldə edib. Bütün dünyanı bürümüş qlobal iqtisadi böhran fonunda ölkə rəhbərliyi köklü iqtisadi islahatlara start verib. Sahibkarlığın inkişafı, daha münbit investisiya mühitinin yaradılması üçün təsirli tədbirlər görülüb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, Milli Məclisin deputatları Rüstəm Xəlilov və Kamran Bayramov çıxış edərək bələdiyyələrin ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Onlar qanunvericilikdə edilən dəyişikliklərin önəmindən, bu dəyişikliklərin yerli özünüidarə orqanlarının inkişafına müsbət təsirindən, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıblar. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılması istiqamətdə görüləcək işlərin əhəmiyyəti vurğulanıb, qəsəbə bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilib.
Tədbirdə qəsəbə bələdiyyələrinin sədrləri gördükləri işlər barədə məlumat veriblər. Eyni zamanda, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə qulluqçularının peşəkarlığı, bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması ilə bağlı çıxışlar edilib. Çıxışlarda bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi qeyd edilib, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirilib.
Yığıncaqda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, cari ilin büdcəsi təsdiq edilib və təşkilatı məsələlərə baxılıb.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının illik hesabatı haqqında ümumi yığıncağın qərarı oxunub və qəbul edilib.