Ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan və türk dünyasının tarixinə aid maraqlı faktlardan ibarət “Türk dünyası” adlı kitabın təqdimatı olub. Tədbir Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Bələdiyyələrinin Milli Assosasiyasının birgə dəstəyi ilə reallaşdırılıb.
Mərasim iştirakçıları Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.
“Türk dünyasının birləşməsində, daha güclü fəaliyyət göstərməsində Ümummili lider Heydər Əliyevin müstəsna xidmətləri olub”. Bu fikirləri Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbirin moderatoru Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri Mehdi Səlimzadə dedi.
“Türk dünyası” adlı kitabının təqdimatında çıxış edən Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ümummili liderin türk dünyasının birliyində, inkişafındakı xidmətlərindən danışdı. Onun sözlərinə görə, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra türkdilli dövlətlər arasındakı münasibətləri yaxşılaşdırmaq istiqamətində xüsusi dövlət siyasəti formalaşdırdı və həyata keçirdi. Ümummilli lider türkdilli xalqlar arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafını nəzərdə tutan birgə regional təşkilatların yaradılması təşəbbüslərini həmişə dəstəkləyib, xüsusən türk birliyinin, Islam dünyasının həmrəyliyinin vacib olduğunu qeyd edərək, belə siyasətin tarixi-siyasi əhəmiyyət daşıdığını vurğulayıb. Əli Həsənovun qənaətincə, müasir dövrdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, eyni etnik soykökə, mədəniyyət və adət-ənənələrə malik olan türk xalqları arasında birliyin təmin edilməsi tarixi, siyasi, etnokulturoloji və geosiyasi baxımdan vacib məsələdir. Türk birliyinin mövcud olması türkdilli dövlətlərin beynəlxalq aləmdə nüfuzunun daha da artması və onların dünya siyasətinə təsir imkanlarının genişlənməsi deməkdir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin söykəndiyi əsas prinsipdir.
Əli Həsənov onu da vurğuladı ki, Türkiyə, o cümlədən digər türkdilli dövlətlər Dağlıq Qarabağ münaqişəsinə və onun aradan qaldırılması məsələsinə həmişə prinsipial mövqedən yanaşıblar. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında sıx birlik mövcuddur və onlar bütün türk xalqları arasında həmrəyliyin möhkəmlənməsi, birgə maraqlardan irəli gələn məsələlərin koordinasiya edilmiş formada beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində birgə fəaliyyət göstərirlər. Əli Həsənov bəzi qərb ölkələrində təzahür edən islamofobiya, irqçilik, ksenofobiya kimi meyillərin olduğunu da təəssüflə qeyd etdi və türk dünyasına, xüsusilə də Azərbaycana və Türkiyəyə qarşı ikili standart siyasəti yürütdüklərini bildirdi. O konkret olaraq son vaxtlar Avropa Parlamentinin “qondarma erməni soyqırımı” ilə bağlı qeyri-obyektiv qərar verdiyini də buna əyani misal çəkdi. Əli Həsənov türk dövlətlərinin hər birinin yaranış tarixi, onların qurucuları, dövlət quruluşu və yerləşdikləri coğrafi ərazilərlə bağlı müfəssəl şərhlər verən “Türk dünyası” kitabının əmiyyətindən də danışdı.
Türk dünyası Bələdiyyələr Birliyinin baş katibi Fexri Solak son vaxtlar dübyada baş verən prosesləri misal çəkərək türk dünyasının birliyinin vacibliyindən danışdı. Kitabın müəllifi Özgen Keskin “Türk dünyası”nda bu xalqların keçmişi ilə yanaşı, müasir dövrünü xarakterizə edən məlumatların da zəngin olduğunu bildirdi.
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov kitabda qədim türklərin dünyanın müxtəlif coğrafi ərazilərində yaratdıqları dövlətlər, onlara məxsus olan maddi-mənəvi sərvətlərin tarixilik və obyektivlik prinsipləri əsasında təhlil olunduğunu söylədi.
Digər çıxış edən millət vəkilləri, tarixçilər “Türk Dünyası” kitabının türk xalqları və dövlətləri, onların qədim mədəniyyəti barədə dəyərli töhvə olduğunu dedilər. Eləcə də qloballaşma dövründə türk dünyasının güclənməsində xüsusi rol oynayacağını xatırlatdılar.
Tədbirdə Binəqədi rayonunu beş bələdiyyə sədri təmsil edirdi.
