15-16 sentyabr 2015-ci il tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Tiflis şəhərində qadın bələdiyyə üzvləri üçün “Yerli özünüidarəetmədə layihələrin idarəedilməsi” mövzusunda regional seminar keçirilmişdir.
Seminarda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Yerli özünüidarəetmə layihəsinin rəhbəri Petra Stremplant, Avropanın Siyasət və Biznes Qadınları Universitetinin baş məsləhətçisi Manuella Möller qadınların cəmiyyətdə və siyasətdə iştirakçılığından danışmış, seminarın məqsədi və vəzifələri haqqında məlumat vermiş, bu kimi tədbirlərin bələdiyyələrin fəaliyyətinə və inkişafına dəstək xarakteri daşıdığını vurğulamışlar.
Seminarda bələdiyyə səviyyəsində layihələr, layihələrin idarə olunması, əsas sənədlər, icra planı, monitorinq və qiymətləndirmə mövzularında müzakirələr aparılmış, o cümlədən maliyyələşdirmə imkanları məsələlərinə toxunulmuşdur.
Qeyd edək ki, hər üç Qafqaz ölkəsinin qatıldığı regional seminarda Azərbaycanı 15 nəfərlik nümayəndə heyəti təmsil etmişdir. Seminarda Binəqədi rayonundan Binəqədi Bələdiyyəsinin sədr müavini Firəngiz Qayayeva, M.Ə.Rəsulzadə Bələdiyyəsinin Yerli sosial məsələlər daimi komissiyasının sədri Jalə Tofiqqızı iştirak etmişlər.
