M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir.
Qəsəbənin bundan əvvəlki adı “Kirov” qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə M.Ə.Rəsulzadə qəsəbəsi adlandırılmışdır.
Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 53,000 nəfər, faktiki (qeydiyyatsız) əhali sayı təxminən 70,000-dir. Ərazisi 12 kv. km-dir.
Qəsəbənin inzibati ərazisində 144 küçə, 3 yaşayış massivi (“Vorovski”, “Xutor”, “Baksol”) və 15,106 ev təsərrüfatı mövcuddur.
Qəsəbə ərazisində AMEA Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA), 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə (“Sahil”, “Delfin”, 76, 90 və 211) fəaliyyət göstərir.
Həmçinin, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının, Dövlət Miqrasiya Xidmətinin, Daxili Qoşunların Baş İdarəsinin, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya, Daxili Təhqiqatlar, Səfərbərlik İşləri və Mülki Müdafiə idarələrinin, Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin, Dövlət Sığorta Kommersiya Şirkətinin Binəqədi rayon filialının, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Mərkəzi Seçki Komissiyasının, Rayon Prokurorluğunun, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Binəqədi Rayon İcra Şöbəsinin, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının inzibati binaları M.Ə.Rəsulzadə qəsəbəsində yerləşir.
Qəsəbə ərazisində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Binəqədi Tibb Mərkəzi, 20 saylı uşaq poliklinikası, “Avrasiya” özəl tibb mərkəzi, “Vimay” özəl tibb mərkəzi, 9 saylı Təcili Yardım Stansiyası fəaliyyət göstərir.
Qəsəbə ərazisində Heydər məscidi, Həzrəti İmam Əli məscidi və 3 istirahət parkı — Heydər Əliyev adına istirahət parkı, Zərifə Əliyeva adına istirahət parkı, Ramiz Aboyev adına mədəniyyət və istirahət parkı, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov adına park yerləşir.
Eyni zamanda qəsəbə ərazisində bir çox sənaye müəssisələri, o cümlədən ayaqqabı istehsalı üzrə ixtisaslaşmış “Bot” MMC, müxtəlif növ boyalar istehsal edən “Sobsan” müəssisəsi, tikinti sənayesi üzrə formalaşan Bakı “Dəmir-Beton-8” ASC, “Asko” firması, “Arzu” LTD beton-çınqıl, “Ağac Emalı” zavodu, “Azprof” MMC, “Montana Construction” beton-çınqıl, “Monolit Beton” MMC, 6 saylı Dəmir Beton Zavodu, “Akabe İnşaat”, “Bakı Tikiş Evi”, “Altisqrup” LTD və “Kosmik Cihazqayırma” təsərrüfat zavodu fəaliyyət göstərməkdədir.
M.Ə.Rəsulzadə qəsəbəsində “Vaqa” MMC, “Zəngəzur” müəssisəsi, “Gilan” yığma emalatxanası, 29 saylı çörəkbişirmə müəssisəsi, “Uğur-ÇB” istehsal müəssisəsi, “Ruzi-VM” MMC, ”Uzun Ömür” MMC, “Yadigar” firması və s. müxtəlif təyinatlı müəssisələr öz fəaliyyətlərini həyata keçirirlər.