04 may 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən 99, 100, 143 saylı tam orta məktəblərin yuxarı sinif şagirdlərinin Qafqaz Universiteti ilə tanışlıq görüşü keçirilmişdir. Görüş M.Ə.Rəsulzadə Bələdiyyəsinin 2015-ci il Fəaliyyət Planına uyğun olaraq, gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirilmişdir.
Görüşdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, bələdiyyə üzvləri Günel Vahabzadə, Ayla İbrahimova və bələdiyyə qulluqçuları, o cümlədən Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 99, 100, 143 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak etmişdir.
Görüşü giriş sözü ilə Qafqaz Universitetinin Abituriyent Mərkəzinin rəhbəri Vüsal Rzayev açaraq, qonaqları salamlamışdır. M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunmuş bu görüşdən məmnun olduqlarını ifadə etmişdir. Sonra Pedoqoji fakültənin dekan müavini Vidadi Bağırov Qafqaz Universiteti haqqında geniş məlumat vermişdir.
Görüşdə şagirdlər kompyüter laboratoriyaları, Tempus otağı, kitabxana və tədris otaqları ilə yaxından tanış olmuşlar. Görüşün sonunda şagirdlərin çoxsaylı suallarını cavablandırılmışdır.
Sonda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonaqlara və bütün iştirakçılara təşəkkürünü bildirmişdir.







