Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsində vətəndaşların qəbulu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. Qəbula gələn vətəndaşların bələdiyyə sədri, sədr müavinləri və daimi komissiya sədrləri tərəfindən qəbul edilməsi üçün həftəlik qəbul qrafiki müəyyənləşdirilmişdir.
I gün, saat 15.00 -18.00 – Sədr Hümbət Hüseynov
II gün, saat 15.00 -18.00 – Sədr müavini Ayət Nağıyev
III gün, saat 15.00 -18.00 – Sədr müavini Leyli Tahirova
IV gün, saat 15.00 -18.00 – Yerli sosial məsələləri daimi komissiyasının
sədri Günel Vahabzadə
V gün, saat 15.00 -18.00 – Yerli büdcə məsələləri daimi komissiyasının
sədri Yaşar Hüseynov
Qrafikin mövcud olmasına baxmayaraq, vətəndaşlar hər gün qəbul olunur. Eyni zamanda vəzifə funksiyalarının icrası ilə bağlı bələdiyyənin şöbə müdirləri də vətəndaşları hər gün qəbul edir.
Hər hansı məsələ ilə bağlı qəbula gələn vətəndaş barədə məsul növbətçi qeydiyyat kitabında tələb olunan qeydləri aparmaqla (qəbul tarixi, qəbula gələnin adı, soyadı, atasının adı, iş yeri və vəzifəsi, ünvanı, telefonu, müraciətin qısa məzmunu, qəbul edənin adı, soyadı, atasının adı və vəzifəsi) vətəndaşa buraxılış vərəqəsi təqdim edərək, aidiyyəti üzrə yönləndirir. Qəbul başa çatdıqdan sonra vətəndaşa verilmiş buraxılış vərəqəsində müraciətlə əlaqədar görülən tədbir barədə məlumat kitaba qeyd olunaraq vətəndaşı qəbul etmiş şəxsin imzası ilə təsdiq edilir.
Seçkili orqan olaraq olduğumuza görə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-2 –ci maddəsinə əsasən hər il yanvar ayının 3-cü həftəsinin bazar ertəsi günü görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.
M.Ə.Rəsulzadə bələdiyyəsi də qanunvericiliyə uyğun olaraq hər il seçiciləri qarşısında hesabatla çıxış edir. Həmçinin bələdiyyəmiz Məhəllə Komitələri ilə əlaqələr qurur, vətəndaşlarla ərazidə səyyar görüşlər keçirir. Görüşlərdə bələdiyyələrin fəaliyyəti barədə seçicilərə məlumat verilir, onları narahat edən məsələlər dinlənilir, şikayət və təkliflər qeydə alınır, bəziləri yerindəcə cavablandırılır, digər məsələlər isə həll olunması üçün nəzarətə götürülür və vətəndaşlara bu barədə əlavə məlumat verilir.
2016-cı ildə bələdiyyə sədri, sədr müavinləri, daimi komissiya sədrləri və şöbə müdirləri tərəfindən ümimilikdə 1281 vətəndaş qəbul edilmişdir ki, onlardan 253 nəfəri bələdiyyə sədrinin qəbulunda olmuşdur.
Vətəndaş qəbullarının qeydiyyatı bu məqsəd üçün nəzərdə tutulmuş nömrələnmiş, qaytanlanmış və möhürlənmiş kitablarda aparılır. Sədrin qəbuluna gələnlərin qeydiyyatı ayrı, sədr müavinlərinin, daimi komissiya sədrlərinin və şöbə müdirlərinin qəbuluna gələnlərin qeydiyyatı isə ayrı kitabda aparılır.
Bələdiyyəyə daxil olmuş vətəndaş müraciətləri və şikayətləri zərurət yarandığı zaman bələdiyyə iclaslarında müzakirə edilib müvafiq qərarlar qəbul olunur. Vətəndaş müraciətlərinə baxılması “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənir.
Ümumi şöbədə təkrar və kollektiv müraciətlərin yaranma səbəbləri öyrənilir, vətəndaşların müraciətləri ilə bağlı ümumiləşdirmələr və təhlillər aparılır. Vətəndaş müraciətlərinin mövzular və növlər üzrə bölgüsü, müraciətlərə baxılmanın nəticəsi barədə aylıq məlumatlar hazırlanır. 