9 noyabr Dövlət Bayrağı Günü münasibətilə 05 noyabr 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 30, 99, 100, 115, 143 saylı tam orta məktəblərin 7-8-ci sinif şagirdlərinin iştirakı ilə Dövlət Bayrağı Meydanına ekskursiya təşkil edilmişdir.
Ekskursiyada M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələləri daimi komissiyasının sədri Jalə Tofiqqızı, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri Şaiq Qəhrəmanov, Yerli büdcə məsələləri daimi komissiyasının üzvü Günel Vahabzadə, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən beş tam orta məktəblərin 50-dən çox müəllim və şagird heyəti iştirak etmişdir.
Ekskursiya çərçivəsində Dövlət Bayrağı meydanının əməkdaşları tərəfindən məktəblilərə Azərbaycan bayrağı, onun tarixi, eləcə də Dövlət Bayrağı Meydanının tikilməsi haqda müfəssəl məlumat verilmişdir.
Bildirilmişdir ki, tikintisinə 2007-ci ildə başlanılmış Dövlət Bayrağı meydanının təntənəli açılış mərasimi 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyev tərəfindən keçirilmişdir.
Məlumat verilmişdir ki, layihə Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanıb, layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirilmişdir. Meydanın ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. Meydanın tikintisində 28 milyon çay daşından istifadə olunub və çay daşları Azərbaycanın bütün bölgələrində olan çaylardan gətirilmişdir. Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam Prezident İlham Əliyev tərəfindən 2007- ci ilin noyabrın 17-də imzalanmışdır. Eyni zamanda, cənab Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında da Sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Ekskursiya çərçivəsində M.Ə.Rəsulzadə Bələdiyyəsinin üzvləri, qəsəbə ərazisində yerləşən beş tam orta məktəblərin müəllim və şagird heyəti Dövlət Bayrağı Muzeyində də olmuş, muzeyin fəaliyyəti və orada yer alan muzey eksponatları ilə tanış olmuşlar. Bildirilmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir. Muzey azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulmuş və muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərində Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, eyni zamanda, İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunur. Muzeydə Azərbaycan Demokratik Respublikasının ilk bayrağı olan və 95 yaşı olan üç rəngli bayraq qonaqlara nümayiş etdirilmişdir. Həmçinin, muzeydə Azərbaycan Respublikasının Konstitusiyası, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolar, sənədlər nümayiş etdirilir.
M.Ə.Rəsulzadə Bələdiyyəsinin Dövlət Bayrağı Meydanına təşkil etdiyi ekskusiya məktəblilər tərəfindən böyük maraqla qarşılanmışdır.








