“Azərbaycanda alternativ enerjinin inkişafı ölkənin ixrac potensialını artırmağa imkan verəcək”. Bunu Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) direktor müavini Cəmil Məlikov “E5P layihəsi çərçivəsində Azərbaycandakı enerji səmərəliliyi və bərpa olunan enerji üçün imkanlar” adlı seminarda bildirib.
Onun sözlərinə görə, Azərbaycan alternativ enerjinin inkişafı və enerjinin səmərəli istehsal olunması üçün bütün institusional addımları atır: “Bunun üçün yüksək texnologiyalardan istifadə etmək tələb olunur və Azərbaycan mərhələli şəkildə bu texnologiyalardan yararlanır. Alternativ enerji sahəsində inkişaf ölkəmizə ixrac potensialını artırmağa imkan verəcək. Xüsusilə də bu şəraitdə Azərbaycan daha çox karbohidrogen resursları ixrac edə bilər. Alternativ enerji ekoloji baxımdan da önəmlidir”.
Direktor müavini deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında 2006-cı ildə alternativ enerji sahəsində islahatların aparılması ilə bağlı memorandum imzalanıb: “Ölkənin E5P proqramında iştirakı layihələrin maliyyələşməsi və reallaşdırılmasına dəstək olacaq. Bundan başqa, alternativ enerji üzrə konsorsium da yaradıla bilər”.
C.Məlikov əlavə edib ki, ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin ümumi potensialı 12 min meqavatı keçir – 5 min meqavat Günəş enerjisinin, 4500 meqavat külək enerjisinin, 800 meqavat geotermal enerjinin, 350 meqavat isə kiçik SES-lərin payına düşür.
Seminarda “E5P Azərbaycan bələdiyyələri üçün maliyyə alətidir”, “AYİB-nin bələdiyyə layihələri”mövzularında da müzakirələr aparılıb. Həmin müzakirələrdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn Binəqədi rayonu ilə əməkdaşlıqdan bəhs edərək qarşılıqlı görülən işlərdən məmnunluğunu ifadə edib. Qeyd edək ki, seminarda Binəqədi rayonunu Rayon İcra Hakimiyyəti Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri Ramiz Göyüşov və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov təmsil edib.
