Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin ilk iclası keçirilib.
Komitə sədri Arif Rəhimzadənin sədrliyi ilə keçirilən iclasda “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” və “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirə olunub.
İclasda bildirilib ki, Azərbaycanda bələdiyyə qulluğu ilə bağlı qadağaların əhatə dairəsinin genişləndirilməsi təklif edilir.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, təklif olunan bir dəyişikliyə əsasən, vəzifələrin icrası zamanı “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanunda nəzərdə tutulan hüquqpozmaları törətmək və qulluqla bir araya sığmayan hərəkətlərə yol vermək qadağan olunur.
Təklif olunan daha bir dəyişikliyə əsasən, bələdiyyə qulluqçuları vəzifələrinin icrası zamanı Azərbaycan Konstitusiyasına, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanuna və ölkənin digər qanunlarına əməl etməlidirlər.
Müzakirələrdən sonra dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
publika.az


