Hüseynov Hümbət Rəhim oğlu
Hüseynov Hümbət Rəhim oğlu 03 dekabr 1963-cü ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Ardanış kəndində anadan olmuşdur. 1981-ci ildə Ardanış kənd orta məktibini, 1981-1986-cı illərdə Ç.İldırım adına Politexnik İnstitutunun mexanika fakultəsini, 1996-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakultəsini bitirmişdir.
1991-ci ildə Azərbaycan Texniki Universitetinin Dissertantı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 noyabr 2007-ci il tarixli (protokol № 35-k) qərarı ilə ona texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
1986-cı ildə təyinatla gənc mütəxəssis kimi Q.Musabəyov adına Bakı maşınqayırma zavoduna işə qəbul olunaraq, 1991-ci ilədək mühəndis-texnoloq və büro rəisi vəzifələrində işləmişdir. 1991-1992-ci illərdə Hündüryaşayış tikinti trestində mühəndis-mexanik, 1992-1993-cü illərdə Azərbaycan Texniki Universitetində tədris ustası, 1993-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatında icra başçısının köməkçisi vəzifəsində, 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatında hüquq şöbəsinin mütəxəssisi və hüquqşünası vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04.08.2003-cü il tarixli, 911 saylı Fərmanına əsasən ona II dərəcəli dövlət qulluquçusu ixtisas dərəcəsi verilmişdir.
17.12.2004-cu ildə keçirilmiş II çağırış, 23.12.2009-cu ildə keçirilmiş III çağırış, 23.12.2014-cü ildə keçirilmiş IV və 23.12.2019-cu ildə keçirilmiş V çağırış və 29.01.2025-ci il tarixdə keçirilmiş VI çağırış bələdiyyə seçkilərində iştirak edərək M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilmişdir. Bələdiyyə iclasının müvafiq qərarlarına əsasən 2006-cı ildən 2007-ci ilin dekabr ayınadək bələdiyyənin sədr müavini, 2007-ci ilin dekabr ayından sədr əvəzi və 30.01.2009-cu ildən hazırkı dövrədək bələdiyyənin sədri vəzifəsində çalışmışdır.
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədridir. 2012-ci ilin sentyabr ayından Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02.02.2024-cü il, 4289 nömrəli Sərəncamı ilə “Dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə” “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir. 3 övladı var.
