18 iyul tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar-müşavirə keçirilmişdir.
Keçirilən seminar–müşavirədə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai–siyasi və humanitar məsələlər, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak etmişlər.
Keçirilən görüşdə dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sosial layihələrin keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
İlk olaraq görüşü Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov açaraq RİH-nin məsul əməkdaşlarını bələdiyyə üzvləri və bələdiyyə qulluqçularına təqdim etmişdir.
Daha sonra Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bələdiyyə üzvləri və bələdiyyə qulluqçularını təqdim etmiş və görüşün səmərəliyi haqqında məlumat vermişdir. O cümlədən, müzakirə ediləcək məsələlərə diqqət çəkən natiq bələdiyyələrdə yaradılan ictimai – humanitar sektorun əhəmiyyətindən danışaraq, bu sahədə planlaşdırılan layihələrdən danışmışdır.
Təqdimatlardan sonra hər iki tərəf arasında İctimai – siyasi və humanitar məsələlər sahəsində, o cümlədən, təhsil, məktəbəqədər təhsil, səhiyyə, din, mədəniyyət, KİV-lə əməkdaşlıq, sosial şəbəkələrlə işin təkmilləşdirilməsi, eyni zamanda sosial layihələrin icra edilməsi sahəsində müzakirələr aparılmışdır. Müzakirələr zamanı bir sıra mühüm təkliflər irəli sürülmüş və həmin təkliflərdən ibarət tədbirlər planının hazırlanması tövsiyyə olunmuşdur.
Müzakirələr zamanı Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri də təkliflərini irəli sürərək çıxış etmişlər.
Tədbir zamanı M.Ə.Rəsulzadə Bələdiyyəsində yeni yaradılmış İctimai-humanitar sektor haqqında məlumat verildi, ona rəhbərlik edəcək bələdiyyə üzvü Jalə Tofiqqızı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarına təqdim edilərək, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən M.Ə.Rəsulzadə Bələdiyyəsinin İctimai-siyasi sektoruna göstəriləcək metodoloji köməklik məsələləri müzakirə olunmuşdur.
Görüşün sonunda xatirə fotosu çəkilmişdir.






