M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” mövzusunda təlimlərin keçirilməsinə başlanılmışdır.
İlk təlim 14 aprel 2015-ci il tarixdə keçirilmişdir. Təlimdə əvvəlcə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunun Milli Məclis tərəfindən yaxın vaxtlarda qəbul olunduğunu bildirmişdir. Hümbət Hüseynov vurğulamışdır ki, qanunun qəbulundan öncə Milli Məclisin müvafiq komitələrinin və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmışdır. Müzakirələrdə bələdiyyə qulluqçularının etik davranış qaydalarına dair hüquqi sənədin olmasına zərurət yarandığı qeyd olunmuşdur. “Bu gün burada bələdiyyə qulluqçuları üçün təşkil olunan bu təlim də həmin zərurətdən irəli gəlir. Hüquqi baza və mexanizmlərdən başqa praktiki təlimlər qanunun tətbiqi və icrasını daha da asanlaşdıracaqdır” – deyə bələdiyyə sədri bildirmişdir.
Sonra söz Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının informasiya sektorunun müdiri, qhtxeber.az saytının redaktoru, beynəlxalq təlimçi Sənan Nəcəfova verilmişdir.
Təlimdə yerli özünüidarə orqanlarının və bələdiyyə qulluğunun nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi istiqamətində etik kodekslər barədə məlumatlar verilmişdir. Həmçinin, bələdiyyə qulluqçularının davranış qaydaları, intizam məsuliyyətləri məsələlərinə toxunulmuşdur. Təlimdə bələdiyyə qulluqçularına özünü təqdimetmə, vətəndaşlarla ünsiyyət, sakinlərin qəbulu və dinlənilməsi, vətəndaş məmnunluğunun təmin olunmasında mimika və jestlərin mühüm rol oynadığı izah olunmuşdur. “Bu baxımdan hər bir şəxsə, hər bir vətəndaşa fərdi yanaşma diqqətdə saxlanılmalıdır. Bunun üçün bələdiyyə qulluqçularının etik davranış qaydalarının tətbiqi istiqamətində fərdi inkişafın təmin olunması bu təlimlərin keçirilməsini aktual etmişdir” – deyə Sənan Nəcəfov vurğulamışdır.
Qeyd edək ki, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modellənməsi” mövzusunda təlimlərin bir ay davam etməsi nəzərdə tutulmuşdur.





