BİNƏQƏDİ RAYON M.Ə.RƏSULZADƏ BƏLƏDİYYƏSİNDƏ PİLOT LAYİHƏ HƏYATA KEÇİRİLİR
BƏLƏDİYYƏ VERGİ İNFORMASİYA SİSTEMİ
Bələdiyyə Vergi İnformasiya Sistemində yeni uçotun yaradılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 1317040101613400 nömrəli əmri ilə “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı yeni qayda – Metodiki Vəsait” təsdiq edilmişdir.
“Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait” Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “ Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktların tələbləri əsasında hazırlanmışdır.
Bu Metodiki Vəsait yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, uçotdan çıxarılması, vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu qaydalarını həmçinin yerli (bələdiyyə) vergi xidməti orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən edir.
Layihənin əsas məqsədi bələdiyyələrdə avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması və bələdiyyələrin istismarında olan informasiya sisteminin VÖEN altsistemində yerli (bələdiyyə) vergilərinin ödəyiciləri olan fiziki şəxslərin özlərinin və əmlaklarının uçotunun aparılması üçün tətbiq edilən xüsusi proqram tərtibatının həyata keçirilməsidir.
Bələdiyyə ərazisində yerləşən fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin yenidən uçota alınması üçün birinci növbədə onların şəxsiyyət vəsiqəsi, torpaqları və əmlakları haqqında əldə edilmiş məlumatları kompüter sistemi bazasında əks etdirməkdir.
Layihə barədə bələdiyyədə dəfələrlə müzakirələr aparılmış və onun M.Ə.Rəsulzadə bələdiyyəsində həyata keçirilməsi müsbət qarşılanmışdır.
Vergilər Nazirliyinin yuxarıda qeyd edilən əmri ilə təsdiq olunmuş “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsaitdə göstərilən qaydalar əsas götürülməklə Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsində həyata keçirilməsi işlərinə artıq başlanmışdır.
Hazırda bələdiyyənin strukturunda fəaliyyət göstərən aidiyyatı Yerli vergilər şöbəsində bu sahəyə 10 işçi qüvvəsi cəlb edilmiş və bu işlərin icrası ilə məşqul olurlar. Artıq 1500-ə qədər fiziki şəxs və 1000-ə yaxın əmlak uşota alınmışdır.