Noyabrın 23-də Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskas, Litva Bələdiyyələr İttifaqının vitse-prezidenti, Paqeqai əyalətinin meri Virginijus Komskis, Litva Bələdiyyələr İttifaqının müşaviri, Avropa İttifaqındakı təmsilçisi Lina Sabaitiene, Akmyane əyalətinin icraçı direktoru Aromeda Lauciene, Trakay şəhər bələdiyyəsinin deputatı Jelena Jocionienenin daxil olduğu nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Binəqədi rayonunda olmuşlar. Nümayəndə heyəti ilk öncə Biləcəri bələdiyyəsində tanışlıq xarakterli görüş keçirilmişdir. Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosasiyalarının sədrləri, sədr müavinləri və əməkdaşları, eyni zamanda Binəqədi rayon bələdiyyələrinin sədrləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış edərək iki ölkənin şəhərləri, bələdiyyələri arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri barədə məlumat vermiş, daha sonra çıxış edən Binəqədi rayonu bələdiyyələrinin sədrləri qonaqlara rayonda gedən abadlıq-quruculuq işləri, sakinlərin istirahətinin səmərəli təşkili üçün yaradılan şərait və “Açıq qapı” günləri barədə məlumat vermişlər. Binəqədi rayon bələdiyyələrinin hər biri ilə ayrı-ayrılıqda Litva bələdiyyə nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi aparılmış, təcrübələrin bölüşülməsi, həmçinin, qardaş bələdiyyə formatında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Öz növbəsində Litva Bələdiyyələr İttifaqının prezidenti, Ricardas Malinauskas və bələdiyyələrin nümayəndələri yerli hakimiyyət olaraq, həyata keçirdikləri tədbirlər barədə məlumat vermiş, Binəqədi rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edərək, Binəqədi bələdiyyələri ilə əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi perespektivləri barədə təkliflərini səsləndirmişlər.
Tədbirdən sonra nümayəndə heyəti bələdiyyə sədrləri ilə birlikdə Binəqədi rayonunda yerləşən Heydər məscidini ziyarət etmiş, sonra Heydər parkında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi və parkı ilə tanış olmuşlar.
Sonda Binəqədi rayonu bələdiyyələri adından litvalı qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov iştirak etmişdir.
Home » Bələdiyyə xəbərləri » “Litvalı qonaqlar Binəqədi bələdiyyələri İlə görüşüblər”



