Home » Bələdiyyə xəbərləri » “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfrans keçirildi

“Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfrans keçirildi

Noyabrın 14-15-də Şəmkirdə Heydər Əliyev Mərkəzində Milli Məclisin regional məsələlər komitəsi, Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfrans keçirilib.
Konfransda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin əməkdaşları, Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri, Bakı şəhəri bələdiyyələrinin, Şəmkir bələdiyyəsinin və ətraf rayonların bələdiyyə sədrləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək, bələdiyyələrlə bağlı qanunvericilikdən, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin qurulması zamanı demokratik prinsiplərin tətbiqində bələdiyyələrin rolunun artırılması məsələlərindən danışıb, tövsiyələrini bildirib. Qeyd olunub ki, yerli idarəetmədə, regional əhəmiyyətli iqtisadiyyat sahələrinin inkişafında, sosial-iqtisadi məsələlərin həllində bələdiyyələrin rolu artır və bu qurumların maliyyə potensialının gücləndirilməsi vacib məsələlərdən biridir.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri və Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda keçirilən konfrasda Şəmkir Rayon İcra Hakimiyyətinin, Milli Məclisin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirakının Azərbaycanda yerli özünüidarəetmənin inkişafına dövlətin göstərdiyi qayğı və dəstəyi bir daha təcəssüm etdirdiyini vurğuladı.
Hümbət Hüseynov son illərdə ölkədə yerli özünüidarəetmənin təkmilləşdirilməsi və daha səmərəli həyata keçirilməsi istiqamətində bir sıra qanunların qəbul olunmasında və bəzi normativ hüquqi aktlara əlavə və dəyişikliklərin edilməsində Milli Assosiasiyaların da rolundan danışdı.
Sonra natiq Milli Məclisin Regional məsələlər komitəsinin bu sahədə Milli Assosiasiyalarla əməkdaşlığa daim diqqət ayırdığını və komitədə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə dair yaradılmış işçi qrupun işində Milli Assosiasiyaların nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakına və birgə müzakirələrin aparılmasına şərait yaradıldığını bildirdi.
Məruzəçi çıxışında bələdiyyə büdcələrinin əsas gəlir mənbəyinin yerli vergi və ödənişlərdən daxil olan vəsaitlərdən təşkil olunmasını, bələdiyyənin maliyyəsinin onun fəaliyyətinin əsas mənbəyi olmasını və iri həcmli sosial layihələrin reallaşmasında bələdiyyələrdə yetərli maliyyə imkanlarının olmadığını, əksər bələdiyyələrin mövcud büdcələrinin nəinki layihələrin həyata keçirilməsinə, hətta cari fəaliyyətinin təşkilinə belə çatmadığını qeyd edərək, bunun əsas səbəbinin əksər bələdiyyələrdə təşkilatçılıq bacarığının aşağı olması ilə izah etdi.
O qeyd etdi ki, bu gün bələdiyyələrin reallığına nəzər salsaq, bəzi bələdiyyələr işçilərin əmək haqqını aylarla verə bilmirlər, dövlət tərəfindən verilən dotasiyanı isə öz maliyyə borclarının bağlanmasına sərf edirlər, çıxış yolunu isə yalnız dövlət tərəfindən onlara əlavə səlahiyyətlərin verilməsində və dotasiyaların həcminin artırılmasında görürlər. Eyni zamanda bildirdi ki, təhlillər göstərir ki, bələdiyyələrin kifayət qədər maliyyə potensialı olduğu halda yerli vergi və ödənişlər tam toplanılmır, əksər bələdiyyələrdə bu günədək vergi ödəyiciləri və vergitutma obyektləri barədə dolğun məlumat bazası yaradılmayıb, onların tam uçotu da aparılmayıb, məhz buna görə bu sahədə ciddi dönüş yaradılmasına ehtiyac duyulur.
Hümbət Hüseynov Milli Assosiasiyaların aidiyyəti dövlət orqanları ilə birgə vergitutma obyektlərinin vahid elektron məlumat bazasının yaradılmasının vaxtında atılmış düzgün addım olduğunu hesab edərək, bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi işində göstərilən dəstəyin bu prosesin uğurla davam etdirilməsini təmin edəcəyini və bələdiyyələrin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracağına ümid etdiyini bildirdi.
Sonda Assosiasiya sədri bələdiyyə gəlirləri və yerli vergilər sahəsində həyata keçirilən daha bir tövsiyyənin bələdiyyəyə məxsus müəssisələrin və xidmət sahələrinin yaradılması və inkişaf etdirilməsindən, iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulmasından ibarət olduğunu bildirdi.
Konfransda təqdim olunan videoçarxdan bəhs edərək, Binəqədi və Şəmkir rayonlarının bələdiyyələri arasında artıq iqtisadi anlaşmanın olduğunu və bu təcrübədən istifadə edərək digər bələdiyyələrlə də əlaqələrin qurulmasına nail olmaq üçün bütün şəraitin mövcud olduğunu diqqətə çatdırdı.

 

 15027654_1940080336227012_3115834703340559937_n
15027497_1940080276227018_7123371364429917936_n 15056271_1940080382893674_5777323156852730656_n