Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov iyun ayında Fransa və Finlandiya ölkələrində səfərdə olub, iki ayrı tədbirdə iştirak edib.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində İdarəetmə Komitəsinin üzvü Hümbət Hüseynovun verdiyi məlumata görə, Konqresin bu dəfəki iclası Fransanın Orlean şəhərində baş tutub. Burada “Şəhər və regionlarda radikallaşmaya qarşı mübarizə” və “Yerli özünüidarəetmədə korrupsiyaya qarşı mübarizə” mövzularında Konqresin strategiyası müzakirə olunub. Həmçinin, Konqresin oktyabrın 19-da Strasburqda keçiriləcək seçkilərində təmsil olunacaq şəxslərin, yeni tərkibin müəyyən olunması haqqında fikir mübadiləsi aparılıb.
Bələdiyyə sədri Hümbət Hüseynov bildirib ki, bundan başqa Avropa Şurasının Erasmus Youth layihəsi çərçivəsində Finlandiyanın Turku şəhərində olub. Burada “Gənclərin professional inkişafına dəstək və mobil təşkilatlanmanın artırılması” mövzusunda seminar keçirilib. Seminarda “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın təsirləri”, “Gənc iştirakçılığın prinsipləri”, “Gənclərin iştirakına dair Avropa Xartiyası”, “Mənim şəhərim və ehtiyac təhlili”, “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın inkişaf strategiyaları” mövzuları ətrafında müzakirələr, fikir mübadilələri aparılıb. Bələdiyyə sədri vurğulayıb ki, 32 dövlətin qatıldığı Erasmus Youth layihəsində Azərbaycan, Gürcüstan, Finlandiya və İtaliya layihənin fəal iştirakçılarıdır.
