Home » Bələdiyyə xəbərləri » Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat verdi

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat verdi

 1

Aprel ayının 28-də Bakı şəhəri Binəqədi qəsəbəsinin Mədəniyyət mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir.

Yığıncaqda  Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və  Nəzarət-təftiş komissiyasının hesabatları, 2016-cı il üçün büdcəsi və təşkilati məsələ müzakirəsi  olunmuşdur.

Ümumi Yığıncağı Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülür. Naxçıvan MR Qəsəbə Bələdiyyələrinin Assosiasiyası  və respublikanın 141 qəsəbə bələdiyyəsi tərəfindən 2006-cı ildə təsis edilmiş Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat ilində yerli özünüidarəetmənin inkişafı və möhkəmlənməsi istiqamətində zəruru tədbirləri davam etdirmişdir.

Hümbət Hüseynov demişdir ki, Bələdiyyə sədrlərinin III  Ümumrespublika Toplantısında qarşıya qoyulan vəzifələrdən irəli gələrək hesabat ilində yerli özünüidarəetmə qurumlarının  demokratik dəyərlərə və beynəlxalq standartlara cavab verən hüquqi bazası daha da möhkəmlənmiş, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul olunmuş, “Bələdiyyə qulluğu haqqında” Qanuna dəyişikliklər, bununla  bağlı müvafiq qaydalar  təsdiq edilmişdir.

Qəsəbə bələdiyyələri ötən dövrdə yerli əhəmiyyətli  infrastruktur layihələrini  uğurla icra etmişlər.  Milli Assosiasiyaların “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsü çərçivəsində 2015-ci il ərzində  qəsəbə bələdiyyələri 19 istiqamətdə, 675 müxtəlif xarakterli sosial layihə icra olunmuş, cari ildə isə  620 layihənin icrası nəzərdə tutulur ki, bu da  2015-ci illə müqayisədə 4.208.678  manat və ya 56,7 faizdən artıq sosial sifarişlərin  icrası deməkdir. Bütün bunlar  onu göstərir ki, ərazilərin sosial-iqtisadi inkişafında davamlı olaraq bələdiyyələrimizin də özünəməxsus  yeri və payı vardır.

Assosiasiya sədri vurğulamışdır ki, ötən il demokratik ənənələrin inkişafı istiqamətində “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq, qarşılıqlı fəaliyyət” şüarı altında qəsəbə bələdiyyələrində “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində 668 görüş keçirilmişdir. Həftə ərzində keçirilmiş həmin görüşlərdə qeyd olunmuşdur ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmış, multikultural cəmiyyətin inkişafında bütün dünyaya təcrübə ola biləcək orijinal nümunə yaratmışdır. Görüşlərdə 61.385 nəfər iştirak etmiş, bələdiyyələrdə  6506  nəfərin fərdi qəbulları aparılmışdır.

Hümbət Hüseynovun sözlərinə görə, yerli vergi və ödənişlərin yığılması ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş yeni qaydaların hesabat dövründə tətbiqi bələdiyyələr tərəfindən uğurla həyata keçirilmişdir. Nəticədə 2015-ci ildə bələdiyyə büdcələrinin yerli vergi və ödənişlər hesabına formalaşması əvvəlki illə müqayisədə 27 faizdən 37,6 faizədək yüksəlmişdir.

Bələdiyyələrin əsas vəzifələrinin icrası onların maliyyə resurslarından birbaşa asılı olduğundan, Ümumi Yığıncaqda yerli büdcənin formalaşması, iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması müzakirə olunmuşdur.

Hesabat dövründə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini davam etdirmişdir.

Sonra ümumi yığıncaqda məruzə ilə çıxış edənlər – Naxçıvanın Babək, Astaranın Ərçivan, Bakı şəhərinin Binəqədi qəsəbə, Binə Abşeron rayonunun Mehdiabad bələdiyyələrinin sədrləri və başqaları Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər qaldırmışlar. Konstruktiv və işgüzar şəraitdə keçən ümumi yığıncaqda bələdiyyələrlə dövlət hakimiyyəti orqanlarının qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar bir sıra aktual məsələlər müzakirə olunmuşdur.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov çıxış etmişlər. Çıxışlarda dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bələdiyyələrin bununla bağlı artan rolu yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrinin fəallığının artırılmasının vacibliyi vurğulanmış, qəsəbə bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilmişdir.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının illik hesabatı haqqında ümumi yığıncağın qərarı oxunmuş və qəbul edilmişdir.

Yekunda tədbir iştirakçılarına Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə nəşr etdirdiyi “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” paylanılmışdır.

1 2 3