Martın 22-24-də Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyədə etika və şəffaflıq” mövzusuna həsr edilmiş növbəti 30-cu plenar sessiyası keçirilib. Bu barədə Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib.
Hümbət Hüseynov bildirib ki, sessiyada “Yerli və regional səviyyədə şəffaflığın təmin edilməsi”, “İnsan alverinə qarşı mübarizə: yerli hakimiyyət orqanlarının rolu”, “Mədəniyyətlərarası və dinlərarası dialoq: yerli və regional səviyyədə radikallaşmaya qarşı mübarizə” mövzuları və bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Konqresdə Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı mövzularla bağlı müzakirələrə qatılıb, çıxışlar ediblər.
Bələdiyyə sədri qeyd edib ki, sessiya çərçivəsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi Anderas Kiferin Azərbaycan nümayəndə heyəti ilə də görüşü keçirilib.
