Home » Bələdiyyə xəbərləri (Page 16)

Category Archives: Bələdiyyə xəbərləri

M.Ə.Rəsulzadə Bələdiyyəsində “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” adlı sayca üçüncü təlim keçirildi

1

01 may 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” adlı sayca üçüncü təlim keçirilmişdir.

Təlimdə əvvəlcə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunun Milli Məclis tərəfindən aprelin 28-də  qəbul olunduğunu bildirmişdir. Hümbət Hüseynov vurğulamışdır ki, qanunun qəbulundan öncə Milli Məclisin müvafiq komitələrinin və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmışdır. Müzakirələrdə bələdiyyə qulluqçularının etik davranış qaydalarına dair hüquqi sənədin olmasına zərurət yarandığı qeyd olunmuşdur. Sədr bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları ilə bağlı M.Ə.Rəsulzadə Bələdiyyəsində keçirilən təlimlərin əhəmiyyətini vurğulamışdır.

Təlim zamanı etiket qaydalar, loyallıq, bələdiyyə əmlakından istifadə və bələdiyyəyə dair məlumatlardan istifadə, maraqların toqquşmasının qarşısının alınması kimi mövzulardan bəhs edilmişdir.

Təlimçi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  informasiya portalı olan qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov bildirmişdir ki, bələdiyyə qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Bundan başqa, bələdiyyə qulluqçusu yerli özünüidarə orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməsi barədə məlumat verilmişdir.

Təlimdə bələdiyyə qulluqçularına özünü təqdimetmə, vətəndaşlarla ünsiyyət, sakinlərin qəbulu və dinlənilməsi, vətəndaş məmnunluğunun təmin olunmasında mimika və jestlərin mühüm rol oynadığı izah olunmuşdur.

Qeyd edək ki, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modellənməsi” mövzusunda təlimlərin bir ay davam etməsi nəzərdə tutulmuşdur.

1 2

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazi ilk partiya təşkilatında Gənclər Birliyinin iclası keçirildi

1

27 aprel 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı M.Ə.Rəsulzadə qəsəbəsi H. Ağamalıyev küçəsi 5 (M.Ə.Rəsulzadə bələdiyyəsi) ünvanı üzrə ərazi ilk partiya təşkilatında Gənclər Birliyinin iclası keçirildi.

Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Hümbət Hüseynov, YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əlimərdan Sultanov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə və partiya üzvləri iştirak etdi.

İclasda ərazi ilk partiya təşkilatının sədri Hümbət Hüseynov dövlət gənclər siyasətindən danışdı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirməliyik” fikri gənclər üçün yeni imkanlar, yeni perspekltivlər açdı. Binəqədi rayonunda gənclər üçün yaradılan şəraitdən danışan ərazi ilk partiya təşkilatının sədri Hümbət Hüseynov vurğuladı ki, bu gün Binəqədi rayon rəhbərliyi, eləcə də YAP Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin layihə və təklifləri mütəmadi olaraq dəstəklənir. 2014-cü il bələdiyyə seçkilərində seçilən bələdiyyə üzvlərinin tərkibində gənclər və qadınların üstünlük təşkil etməsi gənclərə göstərilən etimadın bariz nümunəsidir. Bu isə gənclərə öz üzərində işləmək, inkişaf etmək, yeni ideyalarla çıxış etmək üçün böyük stimul verir.

İclasda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı M.Ə. Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatında Gənclər Birliyinin sədri Elnar Alməmmədov bildirdi ki, dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirildi. Azərbaycanın 30-a yaxın şəhər və rayonlarında, həmçinin Binəqədi rayonunda  gənclər mərkəzlərinin inşası da ölkə başçısının gənclərə diqqət və qayğısının nəticəsidir.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə gəncləri bundan sonra da fəal olmağa çağırdı, qarşıda duran vəzifələrdən danışdı.

YAP Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Əlimərdan Sultanov YAP  Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun salamlarını çatdıraraq gənclərə uğurlar dilədi. O, YAP Binəqədi Rayon Təşkilatı M.Ə. Rəsulzadə bələdiyyəsi ünvanı üzrə ərazi ilk partiya təşkilatının gənclərinin daim fəallığı ilə seçildiklərini qeyd etdi.

Sonra YAP sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxıldı, Gənclər Birliyinə yeni sədr müavinin seçilməsi məsələsi səsverməyə çıxarıldı. M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazi ilk partiya təşkilatının üzvü Şaiq Qəhrəmanov Gənclər Birliyinin sədr müavini seçildi.

Sonda ərazi ilk partiya təşkilatının sədri Hümbət Hüseynov Gənclər Birliyinin sədr müavini seçilməsi münasibətilə Şaiq Qəhrəmanovu, eləcə də partiya sıralarına daxil olan yeni üzvləri təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı.

1 2 3 4

M.Ə.Rəsulzadə Bələdiyyəsində “Etik davranış qaydaları, mükəmməl ünsiyyətin qurulması bacarıqları” mövzusunda növbəti təlim keçirildi

1 

 24 aprel 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” adlı növbəti təlim keçirilmişdir.

Təlimin bu günki mövzusu “Etik davranış qaydaları, mükəmməl ünsiyyətin qurulması bacarıqları” olmuşdur. Təlimçi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  informasiya portalı olan qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov mövzu ilə bağlı məlumat vermişdir. Bildirmişdir ki, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanunda əks olunduğu kimi, şəxsin, cəmiyyətin, bələdiyyənin və dövlətin maraqları naminə bələdiyyə qulluqçusu öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Bələdiyyə qulluqçusu etik davranışı və peşəkar fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir. Təlimçi onu da vurğulamışdır ki, bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.

Təlimdə bələdiyyə qulluqçularına özünü təqdimetmə, vətəndaşlarla ünsiyyət, sakinlərin qəbulu və dinlənilməsi, vətəndaş məmnunluğunun təmin olunmasında mimika və jestlərin mühüm rol oynadığı izah olunmuşdur.

Qeyd edək ki, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modellənməsi” mövzusunda təlimlərin bir ay davam etməsi nəzərdə tutulmuşdur.

1 2 3 4 5 6 7 8

Rəsulzadə Bələdiyyəsinin sədri növbəti dəfə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçildi

1

 

Aprelin 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Yığıncaqda görülmüş işlərlə yanaşı, 2014-cü ilin iyun ayında keçirilmiş bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında vəzifələrin yerinə yetirilməsi vəziyyəti, o cümlədən əhalini narahat edən problemlərin həllinə yönəldilən sosial yönümlü layihələrin həyata keçirilməsi, vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakı, əhali qarşısında hesabatlılıq və şəffaflığın artırılması, vətəndaş-bələdiyyə münasibətlərinin, bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, yeni seçilmiş bələdiyyə üzvlərinin maarifləndirilməsi, bələdiyyə qulluqçularının düzgün seçilib yerləşdirilməsi və tədrisi və s. məsələlər müzakirə olunub.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov hesabat məruzəsi ilə çıxış edib. O deyib: “Hesabat dövründə biz Azərbaycanda mühüm inkişaf proseslərinin, ölkə əhalisinin gündən-günə maddi rifahının yüksəlməsinin şahidi olmuşuq. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində respublikamız qüdrətlənir, beynəlxalq aləmdə nüfuzu daha da artır. Azərbaycanda sosial-iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir. Bu dövrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bələdiyyələr də daim inkişafda olub. Bələdiyyələrin Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisində rolunun artmasına nail olunub, onlar yerlərdə konkret işlərin görülməsinə çalışıblar. Ötən dövrdə yerli özünüidarəetmə institutunun formalaşması üçün ardıcıl tədbirlər görülüb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən lazımi şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, keçən ilin dekabr ayında respublikamızda növbəti bələdiyyə seçkiləri keçirilib. Milli Assosiasiyaların irəli sürdükləri və bələdiyyə sədrlərinin hər üç ümumrespublika toplantısında dəstəklənmiş “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsü çərçivəsində işlərin görülməsi üçün 2010-2014-cü illərdə ümumi həcmi 16,6 milyon manat olan 2900 layihə həyata keçirilib.

Bildirilib ki, yeni yaradılan bələdiyyələrdə maliyyə resurslarının parçalanmasının qarşısı alınıb, kadr potensialı artıb və iqtisadi imkanlar genişlənib. Birləşmə prosesindən sonra qəsəbə bələdiyyələrinin sayı 141-ə qədər azalıb. İqtisadi potensialın gücləndirilməsində əhəmiyyətli tədbirlərdən biri bələdiyyə mülkiyyətinin və maliyyə imkanlarının artırılmasını təmin etməkdir.

Vurğulanıb ki, bələdiyyə institutunun fəaliyyəti 15 ildən artıq dövrü əhatə edir. Ötən dövrdə yerli özünüidarəetmə qurumları daim dövlətin qayğısı ilə əhatə olunub, zərurət yarandığı halda qanunvericilik aktlarına dəyişiklik edilib və yeni qanunlar qəbul olunub. Milli Assosiasiyalar və bələdiyyələr haqqında informasiyalılığın artırılması məqsədilə ötən il assosiasiyaların rəsmi internet saytı yaradılıb. Hesabat dövründə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə çox səmərəli əməkdaşlıq qurulub, birgə 24 seminar və konfrans təşkil edilib və bələdiyyə üzvləri ixtisasartırma kurslarına cəlb olunublar.

Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov dövlətin bələdiyyələrə dəstəyindən, ötən dövr ərzində yerli özünüidarəetmənin inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən danışıb. Bildirib ki, yaradıldığı tarixdən bələdiyyələrimiz uğurlu yol keçib, cəmiyyətdə özünəməxsus yer tutmağa nail olublar. Dövlətin bələdiyyələrə dəstəyi artır və bundan sonra da artacaq. Ötən ilin iyun ayında bələdiyyə sədrlərinin III ümumrespublika toplantısının keçirildiyini xatırladan Kamran Bayramov bildirib ki, həmin toplantıda bələdiyyələrin qarşısına konkret vəzifələr qoyulub. O, qarşıya qoyulan vəzifələrdən də söhbət açıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov, Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev ötən dövr ərzində qanunvericilikdə edilən dəyişikliklərin əhəmiyyətindən, yerli özünüidarə orqanlarının inkişafında müsbət rolundan, ölkədə bələdiyyələrin yaradılmasından, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıblar. Bildirilib ki, həyata keçirilən islahatlar nəticəsində bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artırılıb.

Tədbirdə qəsəbə bələdiyyələrinin sədrləri gördükləri işlər, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə qulluqçularının peşəkarlığı, bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması ilə bağlı çıxışlar ediblər. Çıxışlarda bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi qeyd edilib, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirilib.

Yığıncaqda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, cari ilin büdcəsi təsdiq edilib və təşkilatı məsələlərə baxılıb. Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının illik hesabatı haqqında ümumi yığıncağın qərarı oxunub və qəbul edilib. Yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının İdarə Heyətinin yeni tərkibi müəyyənləşib, Assosiasiyaya sədr və müavinləri səsə qoyulub.  M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov növbəti dəfə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.

Tədbirdə bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, vergitutma obyektlərinin və vergi ödəyicilərinin dürüst uçotunun aparılması işinin təşkilində bələdiyyələrə kömək göstərilməsi məqsədilə “Bələdiyyələrdə vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu proqramı”nın təqdimatı keçirilib.

1 2 3 4 93 92 91 9 8 5 6 7

Rəsulzadə qəsəbəsində gənc nəslin nümayəndələri ilə “Erkən nikah problemi və onun fəsadları” mövzusunda seminar keçirildi

 

1

 22 aprel 2015-ci il tarixdə 100 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və onun fəsadları” mövzusunda seminar keçirilmişdir.

Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova, Binəqədi Rayon Qeydiyyat Şöbəsinin rəisi Tavat İsmayılova, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Fizzə Məmmədova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Rəsulzadə bələdiyyəsinin gənc nümayəndələri, rayon orta ümumtəhsil məktəblərinin psixoloqları, rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndələri və orta məktəb şagirdləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Sevinc Süleymanova erkən nikah probleminin bu gün cəmiyyətimizin aktual problemlərindən biri olduğunu nəzərə çatdırdı.

Sonra Rafiq Mahmudov erkən nikah problemi haqqında seminar iştirakçılarına ətraflı məlumat verdi. Qeyd etdi ki, erkən nikahlar uşaqların-həm qızların, həm də oğlanların inkişafına mənfi təsir göstərir. Erkən nikahlar qızların təhsil almaq həvəsini və imkanlarını azaldır, bu eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaradır.

Aynur Abbasova Binəqədi rayonunda erkən nikah probleminin yaranmasının qarşısının alınması istiqamətində görülən işlər haqqında məlumat verdi.
Digər ekspertlər Tavat İsmayılova və Fizzə Məmmədova çıxış edərək problemin həll olunması üçün valideyn, müəllim, məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etmələrinin əhəmiyyətini vurğuladılar. Maarifləndirici materialların məktəblərdə geniş tətbiq ediməsinin vacibliyini nəzərə çatdırdılar.

Seminar iştirakçıların sualları ətrafında diskussiya ilə davam etdirildi.

1 2 3 4 5

Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Bələdiyyələrinin Milli Assosasiyasının birgə dəstəyi ilə təqdimat oldu

heyder92

Ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan və türk dünyasının tarixinə aid maraqlı faktlardan ibarət “Türk dünyası” adlı kitabın təqdimatı olub. Tədbir Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Bələdiyyələrinin Milli Assosasiyasının birgə dəstəyi ilə reallaşdırılıb.

Mərasim iştirakçıları Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.

“Türk dünyasının birləşməsində, daha güclü fəaliyyət göstərməsində Ümummili  lider Heydər Əliyevin müstəsna xidmətləri olub”. Bu fikirləri Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbirin moderatoru  Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri Mehdi Səlimzadə dedi.

“Türk dünyası” adlı kitabının təqdimatında çıxış edən Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ümummili liderin türk dünyasının birliyində, inkişafındakı xidmətlərindən danışdı. Onun sözlərinə görə, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra türkdilli dövlətlər arasındakı münasibətləri yaxşılaşdırmaq istiqamətində xüsusi dövlət siyasəti formalaşdırdı və həyata keçirdi. Ümummilli lider türkdilli xalqlar arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafını nəzərdə tutan birgə regional təşkilatların yaradılması təşəbbüslərini həmişə dəstəkləyib, xüsusən türk birliyinin, Islam dünyasının həmrəyliyinin vacib olduğunu  qeyd edərək, belə siyasətin tarixi-siyasi   əhəmiyyət daşıdığını vurğulayıb. Əli Həsənovun qənaətincə, müasir dövrdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, eyni etnik soykökə, mədəniyyət və adət-ənənələrə malik olan türk xalqları arasında birliyin təmin edilməsi tarixi, siyasi, etnokulturoloji və geosiyasi baxımdan  vacib məsələdir. Türk birliyinin mövcud olması türkdilli dövlətlərin  beynəlxalq aləmdə nüfuzunun daha da artması və onların dünya siyasətinə təsir imkanlarının genişlənməsi deməkdir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”  ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin söykəndiyi  əsas prinsipdir.

Əli Həsənov onu da vurğuladı ki, Türkiyə, o cümlədən digər türkdilli dövlətlər Dağlıq Qarabağ münaqişəsinə və onun aradan qaldırılması məsələsinə  həmişə prinsipial mövqedən yanaşıblar. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında sıx birlik mövcuddur və onlar bütün türk xalqları arasında həmrəyliyin möhkəmlənməsi, birgə maraqlardan irəli gələn məsələlərin koordinasiya edilmiş formada beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində birgə fəaliyyət göstərirlər.  Əli Həsənov bəzi qərb ölkələrində təzahür edən islamofobiya, irqçilik, ksenofobiya kimi meyillərin olduğunu da təəssüflə qeyd etdi və türk dünyasına, xüsusilə də Azərbaycana və Türkiyəyə qarşı ikili standart siyasəti  yürütdüklərini bildirdi. O konkret olaraq son vaxtlar Avropa Parlamentinin “qondarma erməni soyqırımı” ilə bağlı qeyri-obyektiv qərar verdiyini də buna əyani misal çəkdi. Əli Həsənov türk dövlətlərinin hər birinin yaranış tarixi, onların  qurucuları, dövlət quruluşu və yerləşdikləri coğrafi ərazilərlə bağlı müfəssəl şərhlər verən “Türk dünyası” kitabının əmiyyətindən də danışdı.

Türk dünyası Bələdiyyələr Birliyinin baş katibi Fexri Solak son vaxtlar dübyada baş verən prosesləri misal çəkərək türk dünyasının birliyinin vacibliyindən danışdı. Kitabın müəllifi Özgen Keskin “Türk dünyası”nda bu xalqların keçmişi  ilə yanaşı, müasir dövrünü xarakterizə edən məlumatların da zəngin olduğunu bildirdi.

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov kitabda qədim türklərin  dünyanın müxtəlif coğrafi ərazilərində yaratdıqları dövlətlər, onlara məxsus olan maddi-mənəvi sərvətlərin  tarixilik və obyektivlik  prinsipləri əsasında təhlil olunduğunu söylədi.

Digər çıxış edən millət vəkilləri, tarixçilər “Türk Dünyası” kitabının türk xalqları və dövlətləri, onların qədim mədəniyyəti barədə dəyərli töhvə olduğunu dedilər. Eləcə də qloballaşma dövründə türk dünyasının güclənməsində xüsusi rol oynayacağını xatırlatdılar.

Tədbirdə Binəqədi rayonunu beş bələdiyyə sədri təmsil edirdi.

M.Ə.Rəsulzadə Bələdiyyəsi məktəblilərin istehsal müəssisəsinə ekskursiyasını təşkil edib

1

15 aprel 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsi gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə seçiminin istiqamətləndirilməsi, həmçinin  istehsal sahələri və istehsal prosesi ilə tanışlığı məqsədilə qəsəbənin ərazisində yerləşən 115 saylı tam orta məktəbin şagirdlərinin “Bəhrə” Biskvit fabrikinə ekskursiyasını təşkil etmişdir.

Ekskursiya zamanı “Bəhrə” Biskvit Fabrikinin əməkdaşları ekskursiya iştirakçılarına məhsulların hazırlanma texnologiyası, qida təhlükəsizliyi barədə ətraflı informasiyalar verilmiş, bütün istehsal sahəsi üzrə gəzinti təşkil edilmişdir.

Məlumat verilmişdir ki, müəssisədə məhsul istehsalı qabaqcıl İtalyan və Alman şirkətləri tərəfindən hazırlanmış avadanlıqlarda hazırlanır. Bəhrə Biskvit Fabriki istehsal etdiyi yüksək keyfiyyətli məhsulların xammallarını əsasən Avropa ölkələrindən Türkiyə, Almaniya, İtaliya, Danimarka və Avstriyadan idxal edir.

“Bəhrə” Biskvit Fabrikinin istehsal etdiyi məhsullar təmiz, gigyenik normalara cavab verən, insan sağlamlığı üçün tam təhlükəsiz, yüksək keyfiyyətliliyi ilə digər firma və müəssisələrin məhsullarından həm əmtəə görünüşünə və həm də əmtəə bağlamasına görə çox fərqlənir. İstehsal olunan məhsullar sırasında biskvitli ruletlər, biskvitli pirojnalar, kekslər, müxrəlif növ laylı peçenyalar yer tutur.

Ekskursiya zamanı məktəblilərə hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradılmışdır. Həmçinin, ekskursiya iştirakçılarına “Bəhrə” Biskvit Fabrikinin məhsulları hədiyyə olunmuşdur. İştirakçılar M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən təşkil olunan ekskursiyanın böyük maraq doğurduğunu, alınan məlumatlar, istehsal prosesi ilə tanışlıqdan məmnun olduqlarını bildirmiş, ekskursiyadan xoş təəssüratlarla ayrılmışlar.

1 2 3 4

M.Ə.Rəsulzadə Bələdiyyəsində “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” mövzusunda təlimlərə start verildi

etik-davranis4 

M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” mövzusunda təlimlərin keçirilməsinə başlanılmışdır.

İlk təlim  14 aprel 2015-ci il tarixdə keçirilmişdir. Təlimdə əvvəlcə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunun Milli Məclis tərəfindən yaxın vaxtlarda qəbul olunduğunu bildirmişdir. Hümbət Hüseynov vurğulamışdır ki, qanunun qəbulundan öncə Milli Məclisin müvafiq komitələrinin və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmışdır. Müzakirələrdə bələdiyyə qulluqçularının etik davranış qaydalarına dair hüquqi sənədin olmasına zərurət yarandığı qeyd olunmuşdur. “Bu gün burada bələdiyyə qulluqçuları üçün təşkil olunan bu təlim də həmin zərurətdən irəli gəlir. Hüquqi baza və mexanizmlərdən başqa praktiki təlimlər qanunun tətbiqi və icrasını daha da asanlaşdıracaqdır” – deyə bələdiyyə sədri bildirmişdir.

Sonra söz Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  informasiya sektorunun müdiri, qhtxeber.az saytının redaktoru, beynəlxalq təlimçi Sənan Nəcəfova verilmişdir.

Təlimdə yerli özünüidarə orqanlarının və bələdiyyə qulluğunun nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi istiqamətində etik kodekslər barədə məlumatlar verilmişdir. Həmçinin, bələdiyyə qulluqçularının davranış qaydaları, intizam məsuliyyətləri məsələlərinə toxunulmuşdur. Təlimdə bələdiyyə qulluqçularına özünü təqdimetmə, vətəndaşlarla ünsiyyət, sakinlərin qəbulu və dinlənilməsi, vətəndaş məmnunluğunun təmin olunmasında mimika və jestlərin mühüm rol oynadığı izah olunmuşdur. “Bu baxımdan hər bir şəxsə, hər bir vətəndaşa fərdi yanaşma diqqətdə saxlanılmalıdır. Bunun üçün bələdiyyə qulluqçularının etik davranış qaydalarının tətbiqi istiqamətində fərdi inkişafın təmin olunması bu təlimlərin keçirilməsini aktual etmişdir” – deyə Sənan Nəcəfov vurğulamışdır.

Qeyd edək ki, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modellənməsi” mövzusunda təlimlərin bir ay davam etməsi nəzərdə tutulmuşdur.

etik-davranis1 etik-davranis2 etik-davranis3 etik-davranis4 etik-davranis5 etik-davranis6

Prezident İlham Əliyev “Bələdiyyə qulluğu haqqında” qanuna dəyişikliklər edilməsi barədə Fərman imzaladı

MZeqvw3EZig

 

Prezident İlham Əliyev “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 5-1 – 5-3-cü maddələr əlavə edilir:

“Maddə 5-1. Bələdiyyə qulluğuna qəbul

Bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.

Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası (bundan sonra – müsabiqə komissiyası) yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir.

Müsabiqə komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Müsabiqə komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Sədr olmadıqda iclaslara sədrin müavini sədrlik edir.

Müsabiqə komissiyasının fəaliyyəti qanunçuluq, obyektivlik, şəffaflıq və bərabərlik prinsipləri əsasında həyata keçirilir.

Müsabiqə komissiyasının işinə müdaxilə yolverilməzdir.

Müsabiqə komissiyası namizədlərin müvafiq vəzifəyə uyğunluğunu onların bilik səviyyəsinə, peşə hazırlığına, ümumi dünyagörüşünə və müvafiq vəzifə üçün tələb olunan keyfiyyətlərə əsasən qiymətləndirir.

Müsabiqə komissiyasının işinə müvafiq sahələr üzrə ekspertlər cəlb edilə bilər.

Müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 5-2. Müsabiqə komissiyası üzvlərinin hüquq və vəzifələri, təşkilati məsələlər

Müsabiqə komissiyası üzvlərinin müsabiqə komissiyasının səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək, təkliflər vermək, habelə bu komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq, onlarla razılaşmadıqda xüsusi rəy vermək hüququ vardır.

Müsabiqə komissiyası üzvlərinin vəzifələri aşağıdakılardır:

müsabiqə komissiyasının iclaslarını üzrsüz səbəbdən buraxmamaq və vaxtında müsabiqənin keçirilmə yerində olmaq;

müsabiqə komissiyasının iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;

müsabiqə komissiyası üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək.

Müsabiqə komissiyasının üzvləri müsabiqə zamanı aşağıda göstərilən tələblərə əməl etməlidirlər:

namizədin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmaq;

namizədə müvafiq vəzifəyə yararlı olub-olmaması barədə fikir bildirməmək;

müsabiqənin keçirildiyi otağı tərk etməmək və rabitə vasitələrindən istifadə etməmək.

Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

Bu maddənin dördüncü hissəsinə uyğun olaraq əsaslandırılmış etiraz verildikdə, barəsində etiraz verilmiş müsabiqə komissiyası üzvü həmin etirazın verilməsinə səbəb olmuş namizədə münasibətdə müsabiqə komissiyasının qiymətləndirməsində iştirak edə bilməz. Əgər etiraz nəticəsində müsabiqə komissiyasının fəaliyyətini həyata keçirməsi mümkün olmazsa, həmin namizədə münasibətdə müsabiqə komissiyası yenidən təşkil olunur.

Müsabiqə komissiyasının iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrlik edənin səsi həlledicidir. Müsabiqə komissiyasının iclası protokollaşdırılır, protokol iclasda iştirak edən bütün müsabiqə komissiyası üzvləri tərəfindən imzalanır. Müsabiqə komissiyası üzvünün xüsusi rəyi olduqda, protokolda bununla bağlı qeyd aparılır və xüsusi rəy protokola əlavə olunur.

Müsabiqə zamanı namizədin arzusu ilə videoçəkilişdən istifadə edilə bilər. Bu halda videoçəkiliş müsabiqə komissiyasının normal fəaliyyətinə maneçilik törətməməlidir.

Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.

Maddə 5-3. Bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər

Hansı şəxs bələdiyyə qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:

onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa”.

 

 

 

Artur Rasizadə bələdiyyələrlə bağlı qərar verdi

artur-rasizade

Baş nazir Artur Rasizadə “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında” qərar verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun tətbiqi barədə” ölkə prezidentinin sərəncamına əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyənin (o cümlədən, birləşən və ləğv edilən bələdiyyələrin) hər birindən bir nümayəndə daxil edilməklə, müvafiq komissiyalar yaradılır.

Komissiyaların fərdi tərkibinin təsdiq edilməsi üçün Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və rayon icra hakimiyyəti orqanları, habelə birləşən bələdiyyələr 5 gün müddətində öz nümayəndələri barədə təkliflərini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Lent.az