Home » Bələdiyyə xəbərləri » M.Ə.Rəsulzadə bələdiyyəsinin 2019-cu il üzrə fəaliyyəti və yerli büdcənin icrası barədə bələdiyyə sədri Hümbət Hüseynovun HESABAT MƏRUZƏSİ

M.Ə.Rəsulzadə bələdiyyəsinin 2019-cu il üzrə fəaliyyəti və yerli büdcənin icrası barədə bələdiyyə sədri Hümbət Hüseynovun HESABAT MƏRUZƏSİ

Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir.

Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ölkəmiz ötən 17 ildə mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub, qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib. Cənab prezidentimiz qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifinə çevrilib.

Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarına da öz təsirini göstərməkdədir. 2019-cu ilin dekabrında keçirilən V çağırış bələdiyyə seçkilərinin nəticələrinə əsasən bələdiyyə üzvlərinin tərkib hissəsinin yenilənməsi və gəncləşməsi məhz həmin islahatların davamı olduğunu deməyə əsas verir.

Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub.

Binəqədi Rayon İcra Hakimiyyətinin M.Ə.Rəsulzadə qəsəbə icra nümayəndəsi hörmətli Namil müəllim ətraflı hesabat verdi. Bildirmək istəyirəm ki, respublikanın bütün bölgələrində və bütün yaşayış məntəqələrində olduğu kimi M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində də irimiqyaslı layihələr həyata keçirilir və hazırda işlər planlı şəkildə davam etdirilir. Bütün bu işlər cənab Prezidentimizin birbaşa tapşırıqları əsasında bir hədəfə – respublikamızın bütün sakinlərinə, eləcə də M.Ə.Rəsulzadə qəsəbə sakinlərinin sosial rifahının yüksəldilməsinə, rahat və etibarlı güzəranlarının yaxşılaşmasına hesablanıb.

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman sakinlərimizin problemlərini dinləmək, onların qayğıları ilə maraqlanmaq işimizin əsas meyarıdır. Qəsəbənin yaşlı, tənha, imkansız, eləcə də ziyalı şəxsləri və s. bütün təbəqədən olan sakinlərinin yanında olduğumuzu hər zaman hiss etdirməyə çalışırıq. Bununla bağlı mütəmadi olaraq müxtəlif sosial tədbirlər həyata keçiririk.

Humanitar və sosial sahə ilə yanaşı qəsəbə ərazisinin təmizliyinə daimi nəzarət günün ən vacib məsələlərindən biri olub. M.Ə.Rəsulzadə qəsəbəsində təmizliyin təmin olunması məqsədilə dislokasiyaya uyğun olaraq 151 məişət tullantıları meydançası mövcuddur. Bunlardan 10-u qəsəbəmizin müxtəlif yerində nümunəvi məişət tullantıları meydançalarıdır. Ümumilikdə, qəsəbə ərazisindəki həmin meydançalarda 354 ədəd məişət tullantıları konteyneri yerləşdirilib.

Ümumiyyətlə təmizliyi həyata keçirmək üçün xüsusi təyinatlı maşınlardan istifadə edərək qəsəbə ərazisindən bütün növ məişət tullantılarının yığılıb zərərsizləşdirilməsi üçün Balaxanı poliqonuna təhvil verilməsi tərəfimizdən həyata keçirilibdir. Bu sahədə bizə həmişə yaxından dəstək olan, yaranmış problemlərin tez və operativ aradan qaldırılmasına köməklik göstərən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi olubdur. Fürsətdən istifadə edib onlara göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.

Qeyd edim ki, 2019-cu il ərzində M.Ə.Rəsulzadə bələdiyyəsinə vətəndaşlardan ümumilikdə 426 müraciət daxil olub. Hesabat dövründə 1699 vətəndaş qəbul edilib. Qəbulun 370-i bələdiyyə sədri tərəfindən həyata keçirilib.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən il ərzində bələdiyyəmizin 16 iclası keçirilib, baxılan məsələlərə dair 52 qərar qəbul olunaraq icrası təmin edilib.

İndi isə M.Ə.Rəsulzadə bələdiyyəsi üzrə 2019-cu ildə gəlir və xərclər haqqında məlumat vermək istərdim.

Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin qərarı ilə 2019-cu il üçün gəlir və xərclər müəyyən edilərək, yerli büdcə 768 000 (yeddi yüz altmış səkkiz min) manat həcmində təsdiq edilib. Proqnozlaşdırılmış cəmi 768 000 manat gəlirə qarşı faktiki gəlir 635 154 manat olmaqla büdcə 82,7 %,  büdcə xərclərinə qarşı faktiki xərclər 612 226 manat olmaqla büdcə 79,7 % yerinə yetirilib.

Bələdiyyə maliyyə imkanları daxilində bir sıra təmir-tikinti, abadlıq və təmizlik işləri görülüb.

Beləliklə 2019-cu ildə bələdiyyənin büdcə xərcləri maddələr üzrə aşağıdakı kimi olub:

–   Təmir-tikinti, abadlaşdırma və digər işlərin xərcləri 37 897 manat,

–   Mənzil – kommunal işləri 294 268 manat,

–   Sosial təminat və sosial müdafiə xərcləri 16 481 manat,

–   Yerli özünüidarəetmə orqanının saxlanması üzrə cəmi xərclər 221 612 manat,

–   digər xərclər 41 968 manat olub.

Hesabat dövründə mühasibatlıq maliyyə hesabatları hər rüb Bakı şəhər Vergilər Departamentinə, Bakı şəhər Baş Maliyyə   İdarəsinə, İri Sığortaedənlərlə İş üzrə Departamentinə və Binəqədi rayon Statistika İdarəsinə elektron poçt vasitəsilə vaxtında göndərib. Həmçinin, dövlət təşkilatlarına hesabatların hazırlanıb müəyyən edilmiş vaxtda təqdim edildiyindən heç bir cərimə ödənişi halları olmayıb.

Dövlətlə yerli özünüidarəetmə müəyyən qarşılıqlı asılılığa malikdir. Dövlət yalnız yerli özünüidarəetmənin təşkilinin ümumi prinsiplərini müəyyənləşdirməklə kifayətlənmir, həm də onun fəaliyyətini zəmanət verir. Eləcə də yerli özünüidarəetmə hüququnu qanunvericilik əsasında tanıyır və bu hüququn reallaşdırılması üçün mövcud olan nöqsan və çatışmamazlıqları yerli özünüidarəetmənin diqqətinə çatdırmaqla maddi hüquqi və institusional şəratin yaradılması vəzifəsini öz üzərinə götürür.

Yekun olaraq qəsəbə sakinlərini əmin edirəm ki, M.Ə.Rəsulzadə bələdiyyəsi 2020-ci ildə də qəsəbənin bütün sağlam qüvvələrini öz ətrafına toplayaraq, qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün bütün səy və bacarığına səfərbər edəcək və iş prosesini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.

Hümbət Hüseynov

Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri