Home »

 
 

Beynəlxalq əlaqələri

 

Azərbaycanın idarəetmə orqanları arasında özünəməxsus çəkisi olan  yerli idarəetmə qurumlarının – bələdiyyələrin fəaliyyətinin düzgün istiqamətləndirilməsi və təkmilləşdirilməsi məqsədilə digər ölkələrin müvafiq strukturlarının iş təcrübəsi ilə yaxından tanış olmaq, idarəetmədəki yenilikləri öyrənmək ümdə məsələlərdən biridir.  M.Ə.Rəsulzadə bələdiyyəsi də fəaliyyətini bu istiqamətdə qurmaqla inkişaf etmiş ölkələrin bələdiyyə qurumlarının iş prinsipləri ilə yerində tanış olmağı və onların fəaliyyətinin canlı şahidi olmağı qarşısına məqsəd qoymuşdur.

M.Ə.Rəsulzadə bələdiyyəsi yarandığı və fəaliyyətə başladığı ilk günlərdən Prezident Administrasiyasının, Azərbaycan Respublikası Milli Məclisi və Ədliyyə Nazirliyinin bilavasitə təşəbbüsü ilə bir sıra Avropa ölkələrinə səfərlər etmiş, həmin ölkələrin bələdiyyələrinin iş təcrübəsini öyrənmiş, həmin təcrübəni öz fəaliyyətinə tətbiq etməklə idarəetmədə islahatlar aparmış və yerli özünüidarəetmə qurumlarının iş prinsiplərinin əsası olan insan amilini həmişə diqqət mərkəzində saxlamışdır. Əslində həmin amil bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsidir və bu səbəbdən də bizim dövlət büdcəmiz sosial yönümlüdür. Sosial istiqamətdə aparılan strategiya, təbii ki, bələdiyyələrin fəaliyyətinə də müsbət təsirini göstərir və onlarla hakimiyyət strukturları arasında əlaqələrin və birgə çalışmaların intensivliyini artırır. Hesab edirik ki, bu baxımdan M.Ə.Rəsulzadə bələdiyyəsi xüsusilə fərqlənir. Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, bütün hallarda xarici təcrübənin tətbiqi də qaçılmazdır. Çünki artıq xeyli yaşı olan Avropa ölkələrinin bələdiyyələri təbii olaraq böyük iş təcrübəsinə malikdirlər və onların keçdiyi yolu öyrənmək, çağdaş fəaliyyəti ilə birbaşa tanışlıq və həmin tanışlıqdan faydalanmaq zəruridir. Ona görə də M.Ə.Rəsulzadə bələdiyyəsinin iş əmsalının yüksək olmasında məhz xarici təcrübənin rolunu da qiymətləndirmək lazımdır.

2002-ci ildə ilk dəfə olaraq M.Ə.Rəsulzadə bələdiyyəsinin nümayəndələri respublika parlamentinin nümayəndə heyətinin tərkibində İspaniyanın Barselona əyalətində bələdiyyə qurumlarının işinin təşkil edilməsi ilə bağlı tədbirin iştirakçısı olmuşdur.

2003-cü ildə M.Ə.Rəsulzadə bələdiyyəsinin nümayəndələri Belçikanın Lyej şəhərində keçirilən tədbirdən bir müddət sonra Almaniya və Belçikada bələdiyyələrin iş təcrübəsi ilə tanış olmaq üçün Azərbaycan bələdiyyələrini təmsil etmişdir.

Həmin ildə Avropa Şurasının təşəbbüsü ilə Tbilisi şəhərində tədbirlər keçirilmiş və burada əsas məqsəd bələdiyyələrin fəaliyyətlərinə həsr edilmiş nəzəri mülahizələrin həyata keçirilməsi prinsiplərinin öyrənilməsi olmuşdur. Qeyd edək ki, bu tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti təqdirəlayiq hesab edilmişdir.

 2004-2006-cı illərdə M.Ə.Rəsulzadə bələdiyyəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xətti ilə Fransanın Strasburq şəhərində Avropa Şurasının təşəbbüsü ilə bələdiyyələrin fəaliyyəti ilə bağlı iclaslara və tədbirlərə dəvət almışdır. Həmin tədbirdən bəhrələnərək Avropa təcrübəsinin M.Ə.Rəsulzadə qəsəbəsində təbliği üçün bələdiyyə üzvləri ilə birgə fəaliyyət planı tərtib edilmişdir. Eyni zamanda, əhalinin bələdiyyələrlə bağlı maariflənməsi və Avropa ölkələrinin bələdiyyələrinin iş prinsipinin sakinlərə izah edilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Xarici dövlətlərin bələdiyyələrinin iş təcrübəsinin öyrənilməsində Türkiyə bələdiyyələri ilə qurulmuş əlaqələr xüsusi yer tutur. Xalqlarımızın tarixi, mədəni, dini, əxlaqi və oxşar mentaliteti imkan verir ki, qardaş ölkənin bələdiyyələrinin iş təcrübəsindən bəhrələnərək bu əlaqələrin daha geniş və dərin inkişafına nail olaq. Bunları nəzərə alaraq Türkiyə Cümhuriyyətinin Tire və Çavuşbaşı bələdiyyələri ilə dostluq və işgüzar əlaqələr yaradılmışdır. 25 noyabr 2006-cı ildə qarşılıqlı Əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində bağlanmış razılaşma protokoluna əsasən Türkiyə Cümhuriyyətinin Tire bələdiyyəsinin nümayəndələri M.Ə.Rəsulzadə bələdiyyəsi ilə tanışlıq məqsədilə ezamiyyətdə olmuş, iş təcrübəmizlə yaxından maraqlanmışlar.

Qarşılıqlı olaraq 2007-ci ilin aprel ayında M.Ə.Rəsulzadə bələdiyyəsinin bir qrup üzvləri qardaş ölkədə xidməti ezamiyyətdə olmuşdur. Nümayəndələrimiz Türkiyə Cümhuriyyətinin Tire və Çavuşbaşı bələdiyyələrinin rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılanmış və orada olduqları müddətdə nümayəndə heyətimizi geniş şəkildə öz işləri ilə tanış etmişlər. Onu qeyd etmək lazımdır ki, bələdiyyəmizin Türk Dünyası Bələdiyyələr Birliyi ilə sıx əməkdaşlıq əlaqələri yaradılmışdır.

 Təcrübə mübadiləsi sahəsində mühüm işlərdən biri də Latviya Respublikasının Tsesis şəhər bələdiyyəsi ilə qurulmuş əlaqələrdir. Belə ki,  25 avqust 2011-ci il tarixdə M.Ə.Rəsulzadə bələdiyyəsi və Tsesis bələdiyyəsi arasında Qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanmışdır. Qurulmuş əlaqələr çərçivəsində M.Ə.Rəsulzadə bələdiyyəsinin nümayəndə heyəti Tsesis şəhərinin ərazisində yerləşən təhsil ocaqları ilə  tanış olmuşdur.  Tsesis şəhər bələdiyyəsinin nümayəndə heyəti M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir.

07-11 mart 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və TODAİE (Türkiye ve Orta Doğu Amme İdaresi Enstitüsü) arasında bağlanan  qarşılıqlı əməkdaşlığa dair müqaviləyə əsasən, Azərbaycanın bir neçə bələdiyyə sədrləri, o cümlədən M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Ankarada səfərdə olmuşdur. Səfərin məqsədi iki ölkənin bələdiyyələri arasında təcrübə mübadiləsi, bu sahədəki yeniliklər barədə məlumatlanma olmuşdur.

Səfər zamanı Azərbaycan bələdiyyələrinin sədrləri TODAİE və İçişler Bakanlığı Mahalli İdareler Genel Müdürlüyü ilə, həmçinin, Ankara Büyükşehir və Keçiören bələdiyyələrinin fəaliyyətləri ilə yaxından tanış olmuşlar. Onlara Ankara Büyükşehir və Keçiören bələdiyyələri ərazisini əhatə edən özütikililərin yerində yeni parkların, fəvvarələrin salınması, yaşayış binalarının ucaldılması, eləcə də bələdiyyələr tərəfindən həyata keçirilən məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi sahəsində görülən işlər barədə məlumat  verilmişdir.

Bələdiyyəmizin tarixində bu kimi əlamətdar görüşlər, qardaşlıq müqavilələri, əldə olunan biliklər və təcrübə bələdiyyəmizin daimi komissiyalarının və icra aparatının işinə müsbət təsir göstərməklə  vətəndaşların problemlərinin həllində, qəsəbə ərazisində quruculuq və abadlıq işlərində, yolların çəkilişi və təmirində, kommunikasiya və digər sahələrdə öz töhfələrini verir.

Qeyd edək ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 06.09.2012-ci ildə və  23.04.2015-ci ildə növbəti dəfə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri seçilmişdir. Eyni zamanda, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsidir. 2012-ci ildən etibarən hər il ən azı iki dəfə olmaqla bələdiyyə sədri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin iclaslarında iştirak edir. Xidməti ezamiyyətlər zamanı keçirilən konfranslarda, görüşlərdə və başqa tədbirlərdə geniş şəkildə bələdiyyələrin ümumi işinin təşkil olunması, vergilərin yığılması və digər maraq doğuran məsələlərə dair məlumatlar toplayır, onların seçicilərə çatdırılması üçün təbliğat işi aparır ki, bu işlərdə də bələdiyyə üzvlərinin yaxından iştirakı olduqca vacibdir.

Onu da vurğulayaq ki, həmin səfərlərdə əldə edilən  təcrübənin həyata keçirilməsi işimizin günün tələbləri səviyyəsində qurulmasına böyük yardım göstərir. Bələdiyyəmiz bu istiqamətdə gələcəkdə də fəaliyyətini artırmağı nəzərdə tutur.

 muqavile1