Home »

 
 

Bələdiyyə haqqında

 

Rəsulzadə Bələdiyyəsi LogoMəlumdur ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı. Milli lider Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi: “Bələdiyyə seçkiləri Azərbaycanda ilk dəfə keçirilir. Bələdiyyələrin yaranması və onlara seçkilərin keçirilməsi haqqında 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəallar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir”. Digər bir çıxışında milli lider belə bir məqama da toxunub: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir… Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görülə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.

Göründüyü kimi, ümummilli liderimiz tərəfindən yerli özünüidaretmə orqanlarını yaradılmasının həm də əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından zəruriliyi gündəmə gətirilib. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olunurdu ki, insanlar öz fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etsin.

Məhz milli liderin tövsiyyəsi və xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr artıq 12-ci ildir ki, yerli özünüidarəetmə qurumu kimi özünü təsdiq etməkdədir. Ötən illərin təcrübəsi onların təşəkkül taparaq əhali arasında yüksək nüfuz qazanmasını şərtləndirib. Həmin müddət ərzində bələdiyyələri təmsil edən qurumlar ictimaiyyətdə yerli özünüidarəetmə orqanları barədə müəyyən təəssürat yarada biliblər. Onların bir çoxu isə istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq işini günün tələbləri səviyyəsində qurmağı bacarıb. Bu cür yerli özünüidarəetmə qurumlarından biri də M.Ə.Rəsulzadə bələdiyyəsidir. Bəs, “Rəsulzadə bələdiyyəsinin uğurları” deyəndə ilk növbədə hansı amillər önə çəkilməli, hansı məqamlara toxunulmalıdır?

Bələdiyyələrin yarandığı yaxın tarixə qısa ekskurs etsək görərik ki, M.Ə.Rəsulzadə bələdiyyəsi formalaşdığı gündən ciddi şəkildə üzərinə düşən işlərin öhdəsindən gəlməyə başlamış və 2000-ci ilin fevral ayından Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Yerli özünüidarəetmə orqanı olaraq, ilk gündən yerli problemlərin həllinə ciddi nüfuz etmiş, bunun üçün bütün texniki-təşkilatı və hüquqi məsələlərin həllinə çalışmışdır. Bu cür fəaliyyət nəticəsində artıq M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi hüdudları daxilində çevik şəkildə qarşıya çıxan bütün sosial problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək imkanı olan yerli orqana çevrilmişdir.

M.Ə.Rəsulzadə bələdiyyəsi fəaliyyəti dövründə Milli Məclisin, Nazirlər Kabinetinin, yerli icra hakimiyyətlərinin müvafiq strukturları ilə sıx təmasda olmaqla yanaşı, yerlərdə bələdiyyə orqanlarının hüquqlarının genişləndirilməsi üzrə ölkə qanunvericiliyinin daha geniş şəkildə tətbiqinə çalışır.
Qeyd etmək yerinə düşər ki, fəaliyyəti dövründə M.Ə.Rəsulzadə bələdiyyəsinin təmsilçiləri dəfələrlə Azərbaycanın bələdiyyə institutunu bir sıra Avropa ölkələrində layiqincə təmsil etmişlər.

M.Ə.Rəsulzadə bələdiyyəsi Bakı şəhərinin şimal hissəsində, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisində yerləşir. Bələdiyyə ərazisinin bir hissəsi qəsəbənin yaşayış massivini, digər hissəsi isə əvvəllər bataqlıqlaşmış Baksol və Böyükşor gölüdür ki, sonradan bələdiyyə tərəfindən bu ərazilər abadlaşdırılaraq istifadəyə yararlı hala gətirilmişdir. Bu gün M.Ə.Rəsulzadə qəsəbəsinin əhalisi 47 min nəfərə yaxındır. Azərbaycan Respublikasının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” (7 dekabr 1999-cu il) Qanununa müvafiq olaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısı 812 saylı, 31.08.2001-ci il tarixli sərəncamla M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisinə aid olan 501.26 ha torpaq sahəsini bələdiyyənin mülkiyyətinə vermişdir.

M.Ə.Rəsulzadə bələdiyyəsi özünün istehsal və mədəni sahələrdəki nailiyyətləri ilə tanınan Binəqədi rayonu ərazisində yerləşir. Bələdiyyənin inzibati ərazisində sənaye-istehsalat sahələri, müxtəlif elm, təhsil, mədəniyyət, səhiyyə ocaqları, ictimai-iaşə və ticarət obyektləri, istirahət guşələri yerləşir.
M.Ə.Rəsulzadə bələdiyyəsi fəaliyyətə başladığı gündən rayon ərazisində irimiqyaslı abadlıq işləri həyata keçirmişdir.