Home » Fəaliyyətlərimiz » Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat verdi

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat verdi

2 may 2019-cu il tarixdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. Tədbirdə Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri Kamran Bayramov və Cavid Osmanov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, respublika üzrə qəsəbə bələdiyyə sədrləri iştirak edib. 
Tədbiri açıq elan edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov məruzə ilə çıxış edib. Bildirilib ki, ölkədə dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla aparılan siyasət nəticə etibarı ilə vətəndaş cəmiyyətinin, eləcə də yerli özünüidarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir. Bu baxımdan ölkə bələdiyyələri yaradılan əlverişli mühitdən yararlanaraq üzərilərinə düşən vəzifələri daha məsuliyyətlə icra edərək fəaliyyətlərini davam etdirirlər. Hümbət Hüseynov qeyd edib ki, hesabat dövrü ərzində “Yerli Demokratiya Həftəsi” və müxtəlif sosial layihələr çərçivəsində bələdiyyələr tərəfindən bir sıra işlər görülüb. Eyni zamanda, keçiriləcək tədbirlər və sakinlərlə görüşlər barədə əvvəlcədən müxtəlif internet resurslarında elanların yerləşdirilməsi, bələdiyyə binalarının qarşısında, əhalinin sıx toplaşdığı yerlərdə müxtəlif çağırışçı şüarların asılması, keçirilmiş tədbirlərin kütləviliyini xeyli artırıb. Bu da bələdiyyə – vətəndaş əlaqələrinin möhkəmlənməsinə, bələdiyyələrin idarə olunmasında, bələdiyyə aktlarının qəbulunda vətəndaş iştirakçılığının yüksəlməsinə səbəb olub. Assosasiya sədri bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, DSMF-yə olan borclar, həmçinin ixtisaslı kadrların artırılması məsələlərinə də toxunub.